Ukrayna Prezidenti Vladimir Zelenski və Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında yazıb.

Ukrayna lideri bildirib ki, o, Britaniya hökumət başçısını Rusiyanın Odessanın tarixi mərkəzini və liman infrastrukturunu məhv etmək üçün etdiyi gündəlik hücumlar barədə məlumatlandırıb. "Biz Odessanı müdafiə etməliyik. Ukrayna öz tarixi irsini qorumaq və Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək üçün təcili olaraq hava hücumundan müdafiəni gücləndirməlidir", - Zelenski vurğulayıb.

Tərəflər, eyni zamanda müdafiə sahəsində əməkdaşlığı, Ukraynanın hücum əməliyyatlarının gedişatını müzakirə ediblər. Ukrayna lideri ölkəsinin cari müdafiə ehtiyacları barədə Baş nazir Rişi Sunaka məlumat verib.

"Cənab Baş Nazir və mən NATO-nun Vilnüsdə keçirilən Sammitində G7-nin Ukraynaya Birgə Dəstək Bəyannaməsinin qəbul edilməsini və sonradan başqa ölkələrin də ona qoşulmasını qeyd etdik. Biz onu ikitərəfli əsasda konkret təhlükəsizlik zəmanətləri ilə zənginləşdirmək üçün gələcək addımları da müzakirə etdik", - Ukrayna lideri diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info