Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və HAMAS arasında gedən müharibənin de-eskalsiyası ilə bağlı Qahirə sülh konfransında çıxışında bildirib.
"Biz istənilən mülki itkinin pislənilməsində qətiyyətli və birmənalı olmalıyıq. Bu ən vacib nöqtədə beynəlxalq ictimaiyyət öz səylərini və mesajları çatdırmalıdır. İsrail xəbərdar olunmalıdır ki, bu cür müvəqqəti qələbələr tarix boyu onlara təhlükəsizlik və sülh gətirməyib və indi də gətirməyəcək. İsrail bəzi ölkələrin həmrəyliyindən açıq çek kimi istifadə edir və fələstinlilərə qarşı kor qəzəb yaradır və bu qəzəb hətta məscidləri və xəstəxanaları da hədəf alır", Hakan Fidan vurğulayıb.
Türkiyə XİN başçısı qeyd edib ki, İsrailin bəzi ölkələr tərəfindən qeyd-şərtsiz silahlandırılması regionda işğalın daha da dərinləşməsinə imkan yaradır və bu siyasət münaqişənin digər vacib tərəfini - Fələstini gözardı edir.
"Türkiyə müharibənin dərhal dayandırılması və Qəzzaya humanitar yardımın çatdırılmasının vacib şərt olduğuna inanır. Həmçinin biz iki dövlətli həll yoluna əsaslanan sülh danışıqlarına qayıtmaq prosesini canlandırmalıyıq. 1967-ci il sərhədləri və Şərqi Yerusəlim paytaxt olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılması təkcə region üçün deyil, habelə qlobal təhlükəsizlik üçün vacib elementdir. Əminəm ki, biz hamımız bu yanaşmanı dəstəkləyirik, lakin hesab edirəm ki, sadəcə, razılaşmaq kifayət deyil, biz vizyonun reallaşması üçün addımlar atmalıyıq. Tərəflərin ədalətli sülhə sadiqliyini və öhdəliklərini yerinə yetirdiyini yoxlamaq, monitorinq etmək üçün müəyyən mexanizmin yaradılması lazımdır. Türkiyə bu konseptin daha da inkişafına sadiqdir", Türkiyə XİN rəhbəri vurğulayıb.
Leyla Kamil
Leqal.info