"İsrail - HAMAS və Ukrayna müharibəsi tamamilə fərqlidir, ancaq hər iki müharibə dünyaya şok dalğası ötürür və dünya üçün ağır nəticələri var".

Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Lukseburqda keçirilən Aİ XİN rəhbərlərinin iclasından öncə jurnalistlərə açıqlamasında bildirib.

Jurnalistin Rusiyanın Qərbi İsrail-HAMAS müharibəsində ikili standartlar nümayiş etdirməkdə ittiham etməsi ilə bağlı sualı cavablandıran Borrell: "Əlbəttə ki, Rusiya bu vəziyyətdən istifadə edir. Qəzza ilə bağlı ikili standartlar məsələsi müharibədən öncə artıq var idi və indi yenidən bu məsələ meydana çıxır. Ona görə də biz bütün mülki şəxslərin öldürülməsi ilə bağlı eyni dərəcədə narahatlığı ifadə etmək məsələsində açıq mövqe nümayiş etdirməliyik. Biz eyni narahatlığı göstərməliyik. Biz İsrailə güclü dəstəyimizi ifadə edirik, çünki İsrail xalqı hücuma məruz qalıb və biz onlara qarşı törədilənləri sərt şəkildə qınamışıq, ancaq biz həmçinin nəzərə almalıyıq ki, günahsız fələstinlilər də öldürülür, onlar da HAMAS-ın qurbanlarıdır. Ona görə də biz hər bir mülki şəxsin öldürülməsinə eyni narahatlığı ifadə etməliyik", - deyə diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info