Vladimir Putin ölkəsinin iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır.

Leqal.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Welt"ə açıqlamasında bildirib.

Stoltenberqin sözlərinə əsasən, NATO Rusiya ilə onilliklər davam edəcək qarşıdurma ehtimalına hazırlaşmalıdır: "NATO Rusiya ilə müharibə axtarmır. Lakin biz onilliklər davam edə biləcək bir qarşıdurmaya hazırlaşmalıyıq".
O, NATO müttəfiqlərini silah sənayesini daha sürətlə genişləndirməyə çağırıb: "Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur".

Stoltenberq vurğulayıb ki, hazırda ən yaxşı müdafiə Ukraynanı dəstəkləmək və NATO-nun hərbi imkanlarına sərmayə qoymaqdır: "Biz sənaye bazamızı daha tez bərpa etməli və genişləndirməliyik ki, Ukraynaya tədarükləri artıraq və həmçinin öz ehtiyatlarımızı artıraq. Bu, sülh dövründə yavaş istehsaldan münaqişə zamanı zəruri olduğu kimi sürətli istehsala keçmək deməkdir".
NATO Baş katibi Rusiya lideri Vladimir Putinin ölkəsinin iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırladığını vurğulayaraq "Rusiya bütün iqtisadiyyatını müharibəyə istiqamətləndirir, biz də təhlükəsizliyimiz üçün daha çox şey etməliyik", deyə bildirib.

Leyla Kamil
Leqal.info