Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, Ukraynaya dəstək Avropanın təhlükəsizliyinə zəmanətdir.

Leqal.info xəbər verir ki, bu barədə Almaniya XİN başçısı"Funke Media Group"a müsahibəsində deyib.
Annalena Berbok müharibədə Ukraynanın məğlubiyyəti barədə xəbərdarlıq edərək: "Ukrayna məğlub olsa nə baş verəcəyini təsəvvür etmək mümkün deyil. Bu müharibədə insanlıq qələbə çalmalıdır və burada Ukrayna insanlığın tərəfindədir. Əgər Putin qalib gəlsə, bizim hamımızın Avropada təhlükəsizliyi və beynəlxalq asayiş risk altında olacaq. Ukraynaya dəstək bizim təhlükəsizliyimizin təminatıdır", - deyə bildirib.

Ancaq Almaniya XİN başçısı Fransa rəsmilərindən fərqli olaraq quru qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.

"Putinin məqsədi Ukraynanın müstəqil, azad ölkə kimi mövcudluğunu məhv etmək və NATO-nu müharibəyə sürükləmək idi və bundan sonra da olacaq. Biz əvvəldən buna heç vaxt icazə verməyəcəyimizi açıqlamışıq və bu doğru yanaşmadır".

Həmçinin Berbok "Taurus" qanadlı raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı ictimai müzakirələrin davam etməsinə qarşı xəbərdarlıq edib. "Rusiyanın müharibə təbliğatı Qərb demokratiyalarını parçalamaq və sabitliyi pozmaq məqsədi daşıyır. Biz buna icazə verə bilmərik", o vurğulayıb.

"Kansler Olaf Şoltsun Rusiya lideri Putindən qorxduğu üçün "Taurus"un çatdırılmasına mane olub-olmadığı" barədə suala cavab verən XİN başçısı: "Kansler Putindən qorxmur", - deyə bildirib.

Leyla Kamil
Leqal.info