Türkiyənin 5 il ərzində xarici ölkələrə ixrac etdiyi dondurmadan əldə etdiyi gəlirin həcmi açıqlanıb. Yerli media qurumları xəbər verir ki, dünyanın ən böyük 15-ci dondurma və sərinləşdirici qidalar ixracatçısı olan Türkiyə 2012-ci ilin yanvar ayından cari ilin iyun ayına qədər 68 ölkəyə 88 min 366 ton dondurma ixrac edib. Hesabat dövründə Türkiyədən Azərbaycana 5 milyon 59 min dollarlıq dondurma ixrac olunub. Beləliklə, Azərbaycan Türkiyənin dondurma ixracatçıları üçün 6-cı ən iri bazara çevrilib.
Özümüz istehsal etsək də, yeməyə xaricdən alırıq
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, əgər istənilən bazarda rəqabət mühiti varsa, istehlakçıların zövqünə və alıcılıq imkanlarına uyğun olaraq xarici mənşəli məhsulların satılması təbii bir prosesdir:

“Müəyyən dövr ərzində Azərbaycanda da dondurma istehsalı istiqamətində inkişaf prosesi baş verib. Bu istiqamətdə xüsusilə istehsal prosesinin sadə olması, eyni zamanda tələbat dövrünün qısamüddətli olması, sahibkarlığın bu istiqamətə meyliliyini artırıb. Əgər bu məhsullar Türkiyədən ölkəyə idxal olunursa, təbii prosesdir. Çünki yerli bazarlarda həm daxili, həm də xarici məhsulların öz alıcısı var. Bu tələbata uyğun olaraq idxalçı sahibkarlar Türkiyədən Azərbaycana məhsulların gətirilməsini təmin edirlər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin Türkiyədə istehsal olunan məhsullara psixoloji simpatiyası var. Türkiyədə istehsal olunmuş məhsulların böyük bir qismi yerli məhsullara nisbətən daha yüksək reputasiyaya malikdir. Burda söhbət yerli istehsalın olmamasından yox, rəqabətli şəraitdə bu məhsulların ölkə bazarlarına daxil olmasından gedir”.

Azərbaycanda istehsal olunan dondurmaların digər ölkələrə ixracı olmasına gəlincə, ekspert hələlik yerli sahibkarların bu istiqamətdə fəaliyyət göstərmədiyini deyib:

“Dondurma bazarı nisbətən rəqabətli hesab olunur. Eyni zamanda hər bir ölkədə bu məhsulların daşınması və satışının təşkili nisbətən mürəkkəb bir prosesdir. Bu baxımdan, yerli istehsalçılar hələlik bu məhsulları ixrac etmək imkanlarını o qədər də üstün qiymətləndirmir. Bəzi hallarda yerli istehsal olunan məhsullar keyfiyyət baxımından xarici bazarlarda rəqabətdə uduzurlar. Məhz bu cür faktorlar ixracı müəyyən qədər məhdudlaşdırır. Hesab edirəm ki, növbəti illərdə bu sektorda fəaliyyət göstərən şirkətlər öz istehsal keyfiyyətlərini inkişaf etdirərək ixrac məqsədli istehsalat keçərlər”.
Özümüz istehsal etsək də, yeməyə xaricdən alırıq
İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycana dondurma ixrac edən ölkələrin başında Türkiyə ilə Rusiya dayanır:

“Bundan əlavə, ölkəmizə Ukraynadan, Almaniyadan və Fransadan da dondurma idxal olunur. Azərbaycanın özündə isə dondurma istehsal edən çox sayda müəssisə fəaliyyət göstərir. Bunların çoxu kiçik sexlərdir. Ancaq bir neçə iri müəssisə mövcuddur ki, onlar Avropa standartlarına uyğun avadanlıqlarla təchiz olunduqlarını iddia edirlər. Marketlərə son illərdə daha çox yerli istehsal olan məhsullarla (70-80 faiz) rastlaşsaq da, dondurma bazarının demək olar ki, çox hissəsi idxalın payına düşür. Yalnız Türkiyə 2012-ci ilin yanvar ayından cari ilin iyun ayına qədər Azərbaycana 5 milyon 59 min dollarlıq dondurma ixrac edib. Bu, kifayət qədər böyük rəqəmdir. Azərbaycan Türkiyənin dondurma ixracatçıları arasında 6-cı yeri tutur. Keyfiyyət və dad baxımından yerli istehsalçıların istehsal etdikləri məhsullar Rusiya və Türkiyə məhsullarından çox geridədir. Qiymətlərə gəlincə isə yerli məhsullar Türkiyə və Rusiyadan idxal olunan dondurmalardan 3 dəfə, Almaniya və digər Avropa ölkələrindən gətirilən məhsullardan isə təqribi 6 dəfə ucuzdur”.

İqtisadçı İqtisadiyyat Nazirliyinin keçən ay yaydığı bəyanata da diqqət çəkərək qeyd edib ki, ölkədə istehsal olunan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib: “Bu pozuntularla əlaqədar həmin şirkət və fərdi sahibkarlara ("AER Company Qrup" MMC, "Band Milk" MMC, fiziki şəxs Sərngül Yusubova, fiziki şəxs Müzəffər Poladov, "S.A.B.A. Şirkəti" MMC və "A.Y.S-60" MMC) qeyd edilən dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nazirlik həmin qurumlara istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verdiyini bildirir. Maraqlıdır ki, istehsalın dayandırılması ilə bağlı göstəriş verilsədə, həmin məhsulların ticarət şəbəkələrindən geri çağırılması qeyd olunsa da, paytaxtın bir sıra marketlərində adları qeyd olunan dondurmalara rast gəlmək mümkündür. Daha öncəki illərdə də analoji hadisə qeydə alınmışdı. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə bir sıra dondurma istehsalçılarına maliyyə sanksiyaları tətbiq etmişdi.

Ancaq dəfələrlə bu cür sanksiyalara baxmayaraq, yenə də eyni hallar yaşanır. Bunun səbəbi isə ölkədə qida təhlükəsizliyinə dair qanunun olmamasıdır. İstehlakçıların hüquqlarını qoruyan təşkilatlar da pis işləyir”.

Vüsalə Əhmədovanın sözlərinə görə, yeni istehsalçıların bazara daxil olması süni şəkildə məhdudlaşdırılır: “Belə olan halda sağlam rəqabət yaranmır. Belə nəticəyə gəlmək olar ki, ölkədə dondurma sektoru hələ istənilən səviyyədə deyil və belə olan halda idxal qaçınılmazdır. Bildiyiniz kimi Belarusiyada da çox iri dondurma ixrac müəssisələri mövcuddur ki, onlar Rusiya bazarının müəyyən hissəsini dondurma ilə təmin etməkdədir. Alternativ olaraq bu müəssisələrdən də ölkəmizə əlverişli şərtlərlə dondurma idxalı təşkil oluna bilər”. / Cebhe.info

Leqal.info