Ermənistan mətbuatının yaydığı məlumata görə, Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında olan yanğın zamanı həlak olan daha bir əsgərin valideynləri oğullarının qəsdən öldürüldüyünü iddia edir.

Leqal.info xəbər verir ki, həlak olmuş hərbçilərdən Ayk Kirakosyanın valideynləri tərəfindən yanğının qəsdən edildiyi ilə bağlı iddialar irəli sürülüb.
Qeyd olunur ki, Ayk Kirakosyan yanğından bir neçə gün öncə hərbi xidmətdə yaranmış xoşagəlməz vəziyyətdən şikayət edib. Kirakosyan atası ilə son söhbətlərinin birində iki əsgər qardaşı və Qor adlı komandir arasında insident baş tutduğunu qeyd edib.
“Hadisədən iki gün öncə telefonla danışdıq. Ayk hərbçilərin arasında mübahisə olduğunu, bundan 4 gün əvvəl hərbi polisin nə baş verdiyini təqdiq etmək məqsədilə yoxlamağa gəldiyini dedi. Yoxlamalar əsnasında əsgərlərdə mobil telefonlar olduğu bilinib. Hər şeyi açıqlaya bilmirəm, söhbət, həmçinin onların komandiri haqqında idi, komandir də çox güman, həmin əşyaların kimə aid olduğunu yoxladı, onlar bir-birilərini vurublar”.- Ayk Kirakosyanın atası Qabriel Kirakosyan deyib.
“İyirmi əsgərin həyatı əmanət olunmuş zabit sobaya benzin tökməyin yanğına səbəb olacağını necə bilməsin? Əsgərlər hadisə əsnasında həqiqətən də yatmışdılarsa soba niyə yanırdı? Ayk həmişə yataq otağının kiçik və isti olduğunu deyirdi.
Əsgərlər həqiqətən də yatmışdılarsa, nə üçün çarpayılarda ayaqqabılarla ölmüş vəziyyətdə tapıldılar? Bu necə işdir ki, təlim keçmiş 10 nəfərdən heç biri qapını qıra bilməyib? - əsgərin valideynləri qeyd ediblər.
“Oğlum Ayk qəsdən yuxuya verilib, yaxud zəhərlənib, o getdi və iz itsin deyə qəsdən yanğın çıxarıblar. Özümə o qədər suallar verirəm ki, nə baş verdiyini başa düşmürəm. Yanğının çıxarılma səbəbini təkcə icra edən yox, oğlum da bilib. Hətta oğlumun onların əməllərini bildiyini, Aykın hər şeyi üzə çıxarmağından qorxduqları üçün oğlumu öldürdüklərini düşünürəm.
Mən heç bir fərziyyəyə inanmıram. Əsgərlər qəsdən öldürülüb”. –Ayk Kirakosyanın anası Armine Ağaxanyan deyib.
Qeyd edək ki, 15 hərbçinin öldüyü, 6 əsgər və 1 zabitin yaralandığını yanğın yanvarın 18-də baş vermişdi.
Leyla Kamil
Leqal.info