Qəzzada evlərin 70 faizi dağıdılıb və ya ciddi zərər görüb.

Leqal.info xəbər verir ki, bu barədə "Wall Street Journal"da dərc olunan məqalədə bildirilib.

Qəzzanın peyk çəkilişlərinin təhlilinə və uzaqdan zondlama üsullarına istinad edilən məqalədə qeyd olunub ki, vurulan binalar arasında fabriklər, ibadət evləri, məktəblər, ticarət mərkəzləri və otellər var.

"Dekabrın ortalarına kimi İsrail Qəzza zolağına 29 000 bomba, sursat və mərmi atıb. Qəzzada 439 000 evin təxminən 70%-i və binalarının təxminən yarısı zədələnib və ya tamamilə dağılıb. Partlayış Bizans kilsələrinə və qədim məscidlərə, fabriklərə və yaşayış binalarına, ticarət mərkəzlərinə və lüks otellərə, teatrlara və məktəblərə ziyan vurub. Qəzzadakı su, elektrik, rabitə və səhiyyə infrastrukturunun çoxu təmir edilməyəcək vəziyyətdədir".

Nəşr bildirib ki, Qəzzada məktəblərin üçdə ikisi dağılıb, 36 xəstəxanadan yalnız 8-i xəstə və yaralıları qəbul edəcək durumdadır.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailn cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib. İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS, eyni zamanda bu hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb, Qəzzaya hava zərbələri endirib. Oktyabrın 24-də isə İsrail Qəzzada quru əməliyytalarına başlayıb.

Qəzzadakı Səhiyyə Nazirliyi bildirib ki, oktyabrın 7-dən bəri Qəzzada 21000-dən çox şəxs həlak olub və onların əksəriyyəti qadınlar və uşaqlardır.

Leqal.info