Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell BMT Baş katibi Antonio Quterreşə dəstək olub.

Leqal.info xəbər verir ki, bununla bağlı Borrell "X" hesabında paylaşım edib.

"BMT Baş katibi Antonio Quterreşin sözləri təhrif edilib. BMT Təhlükəsizlik Şurası HAMAS tərəfindən 7 oktyabrda İsraildə törədilən dəhşətli və görünməmiş terror aktlarını birmənalı olaraq pisləyib. O, eyni zamanda aydın şəkildə mövqeyini ifadə edib ki, bütün mülki insanların həyatı eyni dərəcədə dəyərlidir və beynəlxalq humanitar hüquq 7 oktyabrda törədilənlərdən əvvəl də sonra da hamıya aiddir.
Biz Baş katib Quterreşin və BMT əməkdaşlarının Yaxın Şərqdə və bütün dünyada sülh naminə və insanlara yardım üçün fəaliyyətini tam dəstəkləyirik" Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrail - HAMAS arasında müharibə və Qəzzadakı vəziyyətlə bağlı BMT TŞ-də iclas zamanı BMT Baş katibi Qəzzada baş verənləri beynəlxalq humanitar hüququn pozulması adlandırıb və o, həmçinin qeyd edib ki, 7 oktyabrda baş verənlər birdən-birə meydana çıxmayıb. İsrail Xarici İşlər Nazirliyi BMT Baş katibinin bu çıxışına sərt reaksiya verib. İsrail XİN başçısı BMT Baş katibi ilə görüşdən imtina edib, İsrailin BMT-dəki səfiri Quterreşi istefa verməyə çağırıb və İsrail XİN BMT əməkdaşlarına viza verməyi dayandırmağı nəzərdən keçirdiyini bildirib.

Leyla Kamil
Leqal.info