"Bizim Ukrayna ilə oxşar tariximiz var. Ukrayna və Polşa Rusiya tərəfindən yüz illər ərzində repressiyalara, təzyiqlərə məruz qalıb, işğal olunub".

Leqal.info xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində deyib.

"Biz Rusiyanın işğalının, Rusiya terrorunun nə olduğunu anlayırıq. Biz Ukraynadakı situasiyanı çox yaxşı başa düşürük. Ona görə də Polşa xalqı müharibənin ilk günündən öz qapılarını ukraynalılara açıb. Polşalılar Rusiya işğalından qaçan insanların nə ilə üzləşdiyini bilib".

Polşa Prezidenti ölkəsinin Ukraynaya hərbi yardımları barədə danışıb və bildirib ki, Varşava müharibənin ilk günlərində Ukraynaya 100-dən artıq tank ianə edib. "Müharibənin ilk günündə bu tanklar Ukraynaya kömək edib və sonrakı aylarda biz Ukraynaya daha çox yardım göndərdik. Biz ümumilikdə Ukraynaya 300-dən artıq tank vermişik, bunların arasında modern "Leopard" tankları da var. Əgər biz Rusiyanın potensialını, iqtisadiyyatını, əhalisinin sayını nəzərə alsaq və Ukrayna ilə müqayisə etsək, aydındır ki, Rusiya Ukraynanı məğlub edə bilərdi, lakin iki ildir ki, Ukrayna dirənir, Rusiya qüvvələrini geri oturdur, işğal olunmuş torpaqlarının bir hissəsini qaytarıb. Bu xalqın qətiyyətini, cəsarətini, sağ qalmaq və suverenliyini qorumaq dirənişini göstərir və eyni zamanda biz burada Ukraynaya verilən beynəlxalq dəstəyi də qeyd etməliyik. Bu yardım davam etməlidir", - Duda diqqətə çatdırıb.

"Müharibə yorğunluğu" ilə bağlı fikirlərin bu gün tez-tez səsləndiyini qeyd edən Polşa lideri bunun "təhlükəli fenomen" olduğunu deyib və bildirib ki, bundan uzaq olmaq lazımdır.

Leyla Kamil
Leqal.info