Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirir və artıq öz məqsədlərini gizlətməyə belə çalışmır. Hədəflərin mütləq əksəriyyəti mülki obyektlərdir — adi infrastruktur, energetika, mülki müəssisələr, anbarlar, xüsusilə də mülki məhsulların saxlandığı anbarlar. Həmçinin logistika zərbə altındadır — dəmir yolu daşımaları, yəni iqtisadiyyatın normal fəaliyyətini təmin edən sistemlər. Onlarla yaşayış binası da zədələnib,” – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə əsasən, baş verənlərə və zərbələrin miqyasının getdikcə artmasına baxmayaraq, dünya tərəfindən “layiqli və güclü reaksiya” hələ də yoxdur.
“Putin məhz buna görə belə davranır: o, sadəcə Qərbə, onun sükutuna və adekvat cavabın olmamasına gülür. Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları azaltmaqla bağlı bütün təklifləri rədd edib. O, açıq şəkildə bizim mülki infrastrukturumuzu — xüsusilə qış öncəsi qaz sistemimizi, enerji istehsalını və elektrik ötürülməsini — məhv etməyə çalışır. Dünyadan real reaksiya isə sıfırdır. Biz mübarizəmizi davam etdirəcəyik ki, dünya sükut içində qalmasın və Rusiya öz hərəkətlərinə görə cavab hiss etsin,” – deyə Zelenski vurğulayıb.
Leqal.info