Bunu Leqal.info-ya açıqlamasında politoloq Şahin Cəfərli deyib.
Şahin Cəfərli qeyd edib ki, hazırkı durumda Rusiya atəşkəsdəa maraqlıdır:
“Türkiyə atəşkəs əldə olunması və sülh danışıqlarına başlanmasını istəyir. Bu məsələdə Türkiyə və Rusiyanın mövqeləri daha çox üst-üstə düşür, nəinki Türkiyə ilə Ukraynanın. Çünki Rusiyanın gücü artıq tükənmək üzrədir. Yəni, Rusiya hücum əməliyyatlarını əvvəlki intensivliklə davam etdirə bilmir. Artıq bir aydan çoxdur ki, cəbhə xətdində ciddi dəyişiklik yoxdur. Bu mənada ki, müharibə mövqe döyüşləri xarakterinə keçir. Rusiya ən azı bir müddət atəşkəs əldə olunmasında maraqlıdır. O, həmin müddətdə öz itkilərini kompensasiya etmək, yenidən güc toplayaraq Ukrayna nüzərinə hücumu davam etdirmək niyyətindədir”.
Politoloq müharibənin Türkiyəyə də ciddi zərər vurduğunu diqqətə çatdırıb:
"Türkiyə həm Rusiya, həm də Ukrayna ilə çox sıx münasibtələrə malikdir. Müharibə başlayandan bəri Türkiyə daha çox vasitəçilik missiyası yerinə yetirmək istiqamətində siyasət aparır. Eyni zamanda iki ölkə ilə münasibətlərdə müəyyən balans saxlayır. Tərəflərdən birini açıq şəkildə müdafiə etmir. Doğrudur, siyasi baxımdan Ukraynanın ərazi bütövlüyünə dəstək verir, hətta qismən hərbi dəstək də göstərir. Hətta “Bayraktar” pilotsuz uçuş aparatlarını Ukraynaya satır. Ancaq Türkiyənin Qərb ölkələrilə müqayisədə Ukraynaya açıq və net dəstək verdiyini söyləmək mümkün deyil. Çünki Türkiyə Rusiya ilə münasibətlərə böyük önəm verir”.

Ş.Cəfərli qeyd edib ki, müharibə davam etdiyi müddətdə Türkiyənin bu balansı saxlaması çox çətin olacaq:
"Türkiyə məcbur olacaq ki, tərəflərdən birini seçsin. Aydındır ki, belə bir vəziyyətdə Türkiyə NATO-nun üzvü olaraq Ukraynanı seçməli olacaq. Bu isə onun Rusiya ilə münasibətlərinə zərbə vura bilər. Lakin Türkiyə hazırki tərəfsiz vasitəçi rolunu davam etdirmək istəyir. Bu baxımdan Türkiyə hökuməti müharibənin dayandırılmasını istəyir. Başqa bir səbəb isə odur ki, müharibənin davam etməsi iqtisadi baxımdan Türkiyəyə zərər vurur. Enerji qiymətləri yüksəlir. Bu isə Türkiyənin əsas idxal malıdır. Enerji qiymətləri yüksələndə Türkiyənin xərcləri, daxildəki inflyasiya artır. Bu da ölkədə sosial-iqtisadi duruma mənfi təsir edir. Bu səbəblərdən Türkiyə hökuməti, xüsusən hazrıki seçki ərəfəsində sosial-iqtisadi durumun daha da pisləşməsini istəmir”.
Şahin Cəfərli Lvovda Ərdoğan, Zelenski və BMT-nin baş katibi Antonio Quterreş arasındakı üçtərəfli görüşdə bu məsələlərin hamısının müzakirə olunacağını bildirib:
"Ərdoğan Zeleniski ilə görüşdə atəşkəs məsələsini qaldıracaq. Hesab edirəm ki, Ukrayna tərəfi buna razı olmayacaq. Ukrayna indiki durumda cəbhədə vəziyyətin dondurulmasını istəmir. Çünki müharibə başlayandan bəri Ruisya Ukrayna ərazilərinin xeyli hissəsini işğal edib. Hazırda Ukraynanınn 20% ərazisi Rusiya işğalı altındadır. Ukrayna bu ərazilərin ən azı bir qismini yaxın dövrdə qaytaramaq istəyir. Əsas strateji əhəmiyyətə malik olan ərazilər Ukraynanın cənub zonası, Xerson və Zaparojya vilayətinin işğal olunmuş hissəsidir ki, bunları azad etmək istəyir. Bundan sonra Rusiya ilə masaya otura biləcəyini bildirir. Bu baxımdan düşünürəm ki, Ərdoğan atəşkəs məsələsini qaldırarsa, Zelinskinin cavabı müsbət olmayacaq".
Politoloqun fikrincə, əgər Ərdoğanın vasitəçiliyilə müvəqqəti də olsa, atəşkəs əldə olunsa, bu fakt həm Türkiyə daxilində, həm də beynəlxalq miqyasda onun nüfuzunun xeyli artmasına səbəb olacaq:
"Çünki bu durumda Ərdoğan Avropada böyük bir müharibəni dayandırmağa nail olan lider kimi meydan açıxacaq. Bu isə onun nüfuzuna çox müsbət təsir edəcək. Bu məsələ həm də Türkiyə prezidentinin şəxsi siyasi maraqlarına uyğun olduğu üçün seçki ərəfəsində bu istiqamətdə ciddi çalışmalar həyata keçirir".