Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu həftə Çex Respublikası, Fransa Respublikası və İspaniya Krallığına səfər edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 28-də Kuleba Praqada Çexiya xarici işlər naziri Yan Lipavskinin dəvəti ilə səfirlərin illik konfransının fəxri qonağı kimi Çexiya səfirlərinin qarşısında çıxış edəcək. Ukrayna XİN rəhbəri, eyni zamanda hərbi-texniki əməkdaşlığın inkişafına dair ikitərəfli danışıqlar aparacaq.

Avqustun 29-30-da Parisdə Ukrayna XİN rəhbəri Fransa rəhbərliyi və Fransanın müdafiə-sənaye kompleksinin aparıcı şirkətləri ilə danışıqlar aparacaq. Bundan başqa, o, Fransa xarici işlər naziri Ketrin Kolonnanın dəvəti ilə Fransa səfirlərinin konfransının fəxri qonağı olacaq.

Avqustun 31-də İspaniyanın Toledo şəhərində isə Kuleba Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Çexiya, Fransa və İspaniyada keçiriləcək danışıqların əsas mövzularının yeni silah təchizatı, xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi, Sülh Formulunun təbliği və Qlobal Sülh Sammitinə hazırlıq, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar olduğu Ukrayna XİN-in yaydığı məlumatda diqqətə çatdırılıb.

Leyla Kamil
Leqal.info