Leqal.info xəbər verir ki, “Sky News“ telekanalına müsahibəsində Zelenski deyib ki, hazırda əsas diqqət ABŞ Prezidenti Donald Trampla və digər müttəfiqlərlə danışıqlara yönəlib.
O bildirib ki, məqsəd Ukraynanın müdafiəsi üçün silah və maliyyə dəstəyinin davam etdirilməsi, eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsidir.
"Bizi qorumaq üçün raketlər çatışmır, bu, ciddi problemdir. Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalar kifayət etmir. Onlar ballistik raket istehsalını artırırlar. Buna görə də hava hücumundan müdafiə sistemlərinə mümkün qədər tez ehtiyacımız var", – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Rusiya iri şəhərlərə qarşı ballistik raketlərdən daha çox istifadə edir. Onun sözlərinə əsasən, təkcə ötən həftə Kiyevə bir saat ərzində 40 ballistik raket atılıb.
Zelenski, həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Ukraynanın hava hücumundan müdafiə vasitələrinə çıxışı da çətinləşib.
Leqal.info