Ukrayna Prezidenti Vladimir Zelenski tarixən ukraynalıların məskunlaşdığı Rusiya əraziləri ilə bağlı fərman imzalayıb.

Leqal.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zelenski “Birlik Günü” münasibətilə müraciətində bəyan edib.

Dövlət başçısı “Tarixən Ukraynalıların Məskunlaşdığı Rusiya Federasiyası Ərazilərinə Dair” adlı fərmanın tarixi ədaləti bərpa etmək məqsədi daşıdığını bildirib.

“Bu gün biz təkcə Ukraynanın və bizim xalqımızın birliyini gücləndirmək üçün deyil, həm də Ukraynalılarla bağlı həqiqətin, bizim tariximiz barəsində həqiqətin gücləndirilməsi istiqamətində addımlar atmalıyıq. Bu məqsədlə mən bu gün “Tarixən Ukraynalıların Məskunlaşdığı Rusiya Federasiyası Ərazilərinə Dair” fərmanı imzalamışam”, - Zelenski qeyd edib.

Zelenski fərmanın Ukraynanın gələcəyi naminə onun tarixi keçmişi barəsində həqiqətlərin bərpasını nəzərdə tutduğunu bildirib.

Fərman, eyni zamanda Rusiya ərazilərində ukraynalıların milli kimliyinin qorunmasına dair fəaliyyət planının hazırlanmasını, Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlərə dair fakt və sübutların toplanılmasını, Rusiyadakı ukraynalılarla bağlı Rusiya tərəfindən dezinformasiya və təbliğata qarşı fəaliyyəti, eləcə də ukraynalılarla Rusiya ərazisindəki digər xalqlar arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsini nəzərdə tutur.

Leyla Kamil
Leqal.info