İslamabad Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.

Leqal.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edək ki, ölkənin keçmiş Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan məhkəmə qərarı ilə 8 günlük həbs edilmiş, lakin ötən gün Pakistan Ali Məhkəməsi sabiq Baş nazirin həbsini qanunsuz elan etmişdi.

İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Keçmiş hökumət rəhbərinin başçılıq etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

İmran Xanın həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub, ölkənin bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar yaranıb.

Leyla Kamil
Leqal.info